Bizim də filmlərimizin altyazıları bol olsun!

Hədəfimiz odur ki, istənilən Azərbaycan filminin istədiyiniz dildə altyazısını burada tapa biləsiniz. Necə? Film sevənləri bir araya gətirərək.

Bundan kim faydalana bilər?

Kino gecəsi Azərbaycan stilində
Şəkil Gemini ilə yaradılıb

Necə işləyir?

  1. Filmləri seçirik və hər biri üçün süni intellekt vasitəsi ilə avtomatik altyazılar yaradırıq.
  2. Avtomatik altyazılar Azərbaycan dilini bilən insanlar tərəfindən yoxlanılır və redaktə edilir.
  3. Azərbaycan dilindəki yekun mətn təsdiqləndikdən sonra Gemini vasitəsi ilə ingilis dilinə tərcümə olunur — bu tərcümə də yoxlanılır.
  4. Həm orijinal, həm ingilis altyazılar təsdiqləndikdən sonra istifadəçilər administratora müraciət etmədən, cəmi bir neçə klikə filmi 35-dən çox dilə tərcümə edə bilər. Bu tərcümələr hər kəsə açıq olur və avtomatik yaradıldıqları, əlavə yoxlamadan keçmədikləri qeyd edilir.

Mövcud filmlərə bax (qeydiyyat tələb olunur)

Redaktor səhifəsinin demo variantı

Demo səhifə tamamilə nümayiş məqsədlidir, istənilən kəs qeydiyyatdan keçmədən redaktənin necə işlədiyinə baxa bilər. Dəyişikliklər yadda qalsa da, bir əhəmiyyəti yoxdur.

Sizin bir neçə dəqiqəniz nəyi dəyişir?

Tamamilə ictimai töhfə məqsədli, sıfır kommersiya

Bu layihənin heç bir kommersiya məqsədi yoxdur. Toplanan audio və subtitr materialları yalnız ümumi töhfə, dilimizin texnoloji yeniliklərdən geri qalmaması və filmlərimizə daha asan şəkildə altyazıların hazırlanması üçündür.

Bir daşla iki quş: həm altyazılar, həm də nitq tanıma modelləri üçün təlim materialı

Yəqin ki, səsli yazma, YouTube-da avtomatik altyazılar və ya Siri, Alexa ilə tanışsınız. Bunlar danışıq audiosunu mətnə çevirən süni intellekt modelləridir və nitqi tanımağı 'eşitdiklərindən' öyrənir. Azərbaycan dilində ictimaiyyətə açıq təlim materialları çox azdır. Müvafiq icazələr alındıqdan sonra, altyazılar hazırlanan filmlərin audiosu ictimaiyyətə açıq Azərbaycan dili nitq datasetinin yaranması üçün istifadə olunacaq. Bu mövzu sizə maraqlıdırsa buradan daha ətraflı məlumat ala bilərsiniz

Tez-tez verilə biləcək suallar

Mən də bu layihəyə dəstək olmaq istəyirəm, nə edə bilərəm?

Niyyətiniz üçün çox sağ olun! Dəstəyiniz əvəzolunmazdır. Hazırda ən böyük kömək altyazıların redaktəsidir. Bundan əlavə, marketinq, dizayn (loqo və veb), SMM və ya kino sahəsində təcrübəniz varsa və komanda üzvü olmaq istəyirsinizsə, nə gözəl. Bizimlə əlaqə saxlayın — nə cür kömək etmək istədiyinizi qeyd edin, sizinlə əlaqə saxlanılacaq.

.srt altyazı fayllarını bu platformadan kənarda necə istifadə edə bilərəm?

srt faylı videonuz üçün vaxt kodları və dialoqlardan ibarət sadə mətn faylıdır. İstifadə etmək üçün .srt faylının adı video faylınızla eyni olmalı (məsələn, filmin_adi.mp4 və filmin_adi.srt) və hər iki fayl eyni qovluqda saxlanılmalıdır. Əksər müasir media pleyerlər altyazıları avtomatik aşkar edir. Əgər bu baş verməzsə, altyazı faylını pleyerin 'Subtitrlər' menyusundan özünüz yükləyə bilərsiniz.

Niyə filmlərin sayı belə azdır?

Çünki hələ ki komanda üzvlərinin sayı azdır. Bizə qoşulmaq istərdiniz? Buradan müraciət edə bilərsiniz.

Axtardığım filmi burada tapa bilmirəm, nə edə bilərəm?

Əgər film YouTube-dadırsa, linkini və əlaqə məlumatlarınızı bizə göndərin. Komandamız hələlik çox kiçik olduğu üçün hər filmi dərhal əlavə edə bilməsək də, bütün müraciətləri qeyd edir və növbə ilə işləyirik. Əlaqə forması

Bəs tərcümə keyfiyyətli olmasa?

Avtomatik tərcümə iki dilə — həm azərbaycan, həm ingilis dilindəki mətnə istinad edərək Gemini tərəfindən yaradılır. İngilis dilindəki altyazılar əvvəlcədən yoxlanılmış olduğundan və tərcümə həm də onlara istinad etdiyindən (Gemini ingilis dilini çox yaxşı 'bilir') nəticə kifayət qədər keyfiyyətli olmalıdır. İstənilən halda süni intellekt vasitəsi ilə yaradılıb, təkrar yoxlanılması məsləhətlidir. Tərcümə hazır olan kimi düzgünlüyünü yoxlaya və səhvləri redaktə edə bilərsiniz.

Hansı dillərə tərcümə edə bilərəm?

Hazırda altyazılarınızı İngilis, Fransız, Alman, İspan, İtalyan, Portuqal, Holland, Polyak, Ukrayna, Rumın, Yunan, Çex, İsveç, Macar, Bolqar, Danimarka, Fin, Norveç, Slovak, Xorvat, Serb, Bosniya, Sloveniya, Litva, Latış, Eston, Alban, Makedon, İsland, İrland, Malta, Katalan, Rus, Türk, Çin, Koreya və Yapon dillərinə avtomatik tərcümə edə bilərsiniz. Tərcümələr Gemini vasitəsi ilə hazırlanır, sonradan redaktə oluna və SRT faylı kimi yüklənə bilər. Əlavə dillərə ehtiyacınız var? Bizimlə əlaqə saxlayın.

Bəs axtardığım film YouTube-da yoxdursa?

Texniki baxımdan video faylların serverdə saxlanılması və striminqi mürəkkəb prosedur olduğundan, hazırda platformada yalnız YouTube-da olan filmlər nümayiş olunur. Əgər film istehsalı ilə məşğulsunuzsa, və ya hər hansı bir tədbir üçün youtube-da olmayan bir filmin subtitrlərinə ehtiyacınız varsa, və əgər video faylı ayrıca email vasitəsi ilə göndərə bilirsinizsə, əlaqə forması vasitəsi ilə yazın — sizinlə əlaqə saxlayarıq.

Mən xarici filmlərin Azərbaycan dilində tərcüməsini istəyirəm, bu mümkündürmü?

Bu funksiya hazırkı mərhələdə nəzərdə tutulmayıb. Əgər layihə böyüsə və filmlər YouTube vasitəsi ilə deyil, birbaşa sayt pleyerindən nümayiş olunsa, o zaman bu funksiya da əlavə oluna bilər. Hələlik isə xarici dildəki altyazı faylını Azərbaycan dilinə tərcümə etmək üçün məşhur süni intellekt proqramlarından (Gemini, Claude, və s.) birini istifadə edə bilərsiniz.

Bütün bunların süni intellekt modelləri üçün Azərbaycan dili nitq bazasına nə aidiyyatı var?

Səsli yazma, YouTube-da avtomatik altyazılar, Siri və Alexa — bunlar danışıq audiosunu yazılı mətnə çevirən süni intellekt modelləridir və nitqi tanımağı insan beyninə bənzər şəkildə, 'eşitdiklərindən' öyrənir. Bir dildə nə qədər çox düzgün transkripsiya olunmuş səsli material ilə öyrədilirlərsə, o dili bir o qədər yaxşı anlayar. Azərbaycan dilindəki təlim audiolarının miqdarı çox azdır. Müvafiq icazələr alındıqdan sonra, filmlərdəki audio ictimaiyyətə açıq Azərbaycan dili nitq datasetlərinin yaranması üçün istifadə olunacaq. Buradan daha ətraflı məlumat ala bilərsiniz.

Saytda hər hansı bir problem var?

Bizə bildirin.

Sualınız ya təklifiniz var?

Email ünvanınızı və adınızı qeyd edin, sizinlə əlaqə saxlanılacaq.